AZƏRBAYCANLI MEMAR AVROPADA

Avstriyanın paytaxtı Vyanada dəfələrlə olmağıma baxmayaraq, bu səfər digərlərindən tamamilə fərqlənirdi. Bu dəfə Vyanaya sadəcə turist kimi deyil, ixtisasım ilə bağlı — memar kimi getmişdim. İnternet vasitəsilə 3 həftəlik memarlıq kurslarında iştirak etmək üçün müraciət göndərmişdim və müraciətim qəbul olunmuşdu. Beləliklə möhtəşəm memarlıq nümunələri ilə seçilən Avropanın mədəniyyət mərkəzində 32 ölkənin nümayəndələrindən biri olaraq ixtisasımı artırmaq, bu sahədə yeniliklər əldə etmək imkanı qazanmışdım. Paytaxt şəhər təmiz,ekoloji şəhər olduğu üçün bu kursların keçirilməsi üçün ideal məkan olaraq seçilmişdir.

Vyana Avstriyanın şərqində, Alp dağlarının ətəyində yerləşir. Memarlıq incisi olan bu şəhər dünyanın ən gözəl paytaxtlarından biri hesab olunur və yaşayış səviyyəsinə görə dəfələrlə dünya üzrə 1-ci yeri tutmuşdur.Təmiz şəhər, insanlara ayrılan diqqət və qayğı, bərabər həyat tərzi, dəqiqliklə işləyən nəqliyyat sistemi, tər-təmiz su şəraiti, yüksək səviyyəli xidmət sahələri, sadalamaq ilə bitməyən xüsusiyyətləri Vyananı insan həyatı üçün, yaşamaq üçün əlverişli mühitə çevirmişdir. Vyana bu gün valslar, incəsənət, qalereyalar, muzeylər və heyrətamiz parklar ansamblıdır. Şəhər özündə həm tarixi imperiya ruhununa məxsus xüsusiyyətləri qoruyub saxlayır, həm də müasirliyi ilə insanı valeh edir. Əzəmətli məbədlər, kilsələr, Avstriya zadəganlarının lüks iqamətgahları, yay sarayları, qış sarayı, teatrlar, opera zalları, geniş meydanlar və prospektlər. Vyana əbəs yerə dünyanın ən gözəl, maraqlı, musiqi şəhərlərindən biri deyildir.

224604439-635869865975260726.jpg

Bu şəhərdə və ümumiyyətlə Avstriyada nəqliyyat sistemi öz sadəliyi və mükəmməl iş sistemi ilə insanı heyran edir, bu dərəcədə mükəmməl çalışan nəqliyyat sisteminin olması bir şəhər üçün ən önəmli faktorlardandır. Maraqli məqam ondadır ki, iştirak etdiyim kurs müddəti — 3 həftə boyunca heç bir nəqliyyat vasitəsində nə mənim, nə digər yoldaşlarımızın nəqliyyat kartını yoxlayan, biletin olub-olmadığına nəzarət edən olmadı (təsadüfən nəzarət olunarsa və biletin olmadığı aşkarlanarsa cərimə 100 eurodur). Bu da Vyana dövlətinin insanların qayda-qanuna əməl edəcəyindən əmin olmasından irəli gəlir. Çünki burada yaşayan hər bir kəs etdiyi hər bir işə dürüstlüklə, qayda qanunla əməl edir və yoxlamanın nadir hallarda olmasından sui istifadə etmirlər. Nəqliyyatın, infrastrukturun yüksək səviyyədə inkişaf etmiş olması özünü piyada yollarının, maşın yollarının və velosiped yollarının bir-birindən ayrı olmasında  da göstərir.Avstriya əhalisi daima ətraf mühiti düşünmək xüsusiyyəti ilə də insanı heyran edir. Gündəlik həyat tərzlərində sadə, sağlam, israfçı olmayaraq yaşamağa üstünlük verir, artıq xərclərdən qaçırlar. Bir çoxlarından hətta evdə yayın ən qızmar günlərində belə kondisioner yandırmadıqlarını eşitdim. Səbəbi isə çox sadə idi: ətraf mühitə olan zərəri. Əvəzində eyvanlarında sərinlənər və ya Dunay çayının kənarında dincəlməyə gedirlər. Evlərində isə tullantıları mütləq şəkildə ayrı-ayrı paketlərə yığırlar: kağız, plastik, qida və s. Çünki tullantı sonradan emal olunaraq yenidən təkrar istifadə üçün yararlı xammala çevrilir. Buna ekskursiyalarımızın birində özümüz şahid olduq.

IMG_0229.JPG

İştirak etdiyim kursun əsəs məqsədi bütün dünyadan insanları: memarları, mühəndisləri, ekologiya sahəsi ilə bağlı təhsil alan tələbələri və ya peşəkar işciləri bir araya gətirib, yaşıl-ekoloji memarlığın əsaslarını öyrətmək və ümümiyyətlə, Avstriya ölkəsinin bu sahədə gördüyü işlər ilə tanışlıq idi. Dərslərimiz BOKU (Təbii resurslar və Həyat Elmləri Universiteti), Vyana Texniki Universiteti, Vyana Texniki Universitetinin məşğələ zalında keçilirdi. 3 həftə ərzində Tullantı emalı zavodu, Seestadt Aspern (Vyandan bir az kənarda salınmış yeni şəhərcik), Schönbrunn (imperatorların yay sarayi), Krems şəhərinə səfər, bəzi ekoloji binalara, tikinti sahələrinə ekskursiya və s. təşkil olunmuşdur.

OeaD (Avstriya akademik mübadilə xidməti) təşkilatının təşkil etdiyi bu qısa müddətli kurs o qədər hərtərəfli düşünülmüşdür ki, 3 həftə boyunca tələbələrin həm istirahəti, həm də yetərli informasiya almaları üçün hər şey nəzərə alınmışdır.Bizə dərslər ilə yanaşı rəqs, idman, ekskursiya, kino (!) günləri də ayırmışdılar ki, bunlara qatılıb-qatılmamaq, asudə vaxtımızı istədiyimiz şəkildə keçirmək öz seçimimiz idi.

DSC03837.JPG

Axşam saatlarında (saat 20.00-dan sonra) bütün mağazaların bağlanması bir az dostlarımızın kefini pozsa da, bu onu göstərirdi ki, Vyana bərabər hüquqlu cəmiyyət tərəfdarıdır və heç kimin axşam saatlarında, iş vaxtından kənar qalıb işləməsinə və asudə vaxtının ziyan olmasına yol vermir. Bunun əvəzində şəhərdə bir və ya iki növbətçi dükanlar vardır ki, hər gün saat 22.00- a kimi çalışır.

Bəs yaşıl memarlıq, ekoloji memarlıq anlayışı nədir? Nəyə lazımdır? Bu sual ətrafında uzun uzadı yazmaq olar. Ancaq qısa olaraq ifadə etmək olarsa, ekoloji memarlıq dünyada baş verən güclü iqlim dəyişikliyinə qarşı memarların mübarizə üsuludur. Avropanın bir sıra ölkələri və dünya miqyasında bir çox inkişaf etmiş ölkələr hazırda bu problem ilə daha ətraflı məşğul olurlar və bir çox addımlar atırlar.

IMG_0237.JPG

İlk həftədə keçdiyimiz mühazirələrdə professorlar bizə Yer kürəsinin təbii resurslarının davamlı olmayacağını, tullantıların, ekoloji cəhətdən zərərli olan materialların istifadəsinin Yer kürəsinə, ətraf mühitə vurduğu dəhşətli zərəri və onun nəticələrini hazırladıqları prezentasiyalar vasitəsilə anlatmağa çalışdılar. Hazırda bu problemlər ilə yaxından tanış olan və mübarizə aparmağa çalışan Avropa memarlarının əsas məqsədi bahalı materiallardan, bir-birindən şan-şöhrəti, bər-bəzəyi ilə seçilən, yarışa girən binalar yaratmaq deyil, əksinə mümkün qədər ekoloji materiallardan, alternativ enerji mənbələrindən (bunun üçün binada xüsusi qurğular quraşdırılır) istifadə etmək, ekoloji bina standartlarına uyğun lazımi detalları tətbiq etməklə ekoloji binalar yaratmaqdır.

Cəmiyyətin bütün təbəqələri üçün bərabər həyat tərzi təmin etmək, insanları düşünərək onların həyat tərzi və ehtiyaclarına cavab verən memarlıq yaratmaq da əsas prinsiplərdəndir. Bütün sadaladığım aspektlər məhz bir anlayışa “Sustainable life” (davamlı həyat) anlayışına daxildir. Bu anlayış çox geniş qavramdır və Yer kürəsinin təbii resurslarına zərər vermədən, onları “ağıllı” şəkildə istifadə edərək ekoloji balansı təkcə indiki nəsil deyil, gələcək nəsillər üçün də qoruyub saxlamaq deməkdir.

Tullanti emalı zavodu. Bina Vyana şəhərində yerləşir, Hundertwasser adlanan memar-dizayner tərəfindən layihələndirilmiş və 1989-cu ildə köhnə tullantı emalı zavodunun yerində tikilmişdir.Zavod öz əyləncəli görüntüsü ilə turistləri cəlb edir və şəhərin gözəlliyinə xərər gətirmir. Burada ən son texnologiyalardan istifadə olunur və zavod ən yüksək ekoloji tələblərə cavab verir. Zavodun rəngarəng,bəzəkli, maraqlı fasad görüntüsü insanın əhvalını yaxşılaşdırır və sanki bir incəsənət nümunəsi kimi göz oxşayır.

IMG_9696

Digər ekskursiyamız Vyana şəhərinin cənubunda yeni salınmış Seestadt Aspern rayonuna oldu, bu rayon 20.000 əhali üçün nəzərdə tutulmuşdur.Burada təkcə yaşayış deyil, kommersiya xarakterli tikintilər də mövcuddur.Bizi bu rayonun maketi-baş planı ilə tanış etdilər. Elə maketdən görünürdü ki, layihə necə də hərtərəfli düşünülmüşdür, insanların rahatlığı və ətraf mühitə ziyan verməmək aspektləri yenə ön plana çəkilmişdir. Bu rayonda binalar əsasən 5-7 mərtəbəlidir, 7 mərtəbədən yuxarı bina demək olar ki, yoxdur (təkcə 1-2 göydələn layihə nəzərdə tutulmuşdur). Mərkəzdə kiçik göl mövcuddur, ətrafında park, binaların yeraltı səviyyəsində yeraltı qarajlar layihələndirilmişdir. Lakin qarajların sayı elə də çox deyildir, səbəb məhz insanları daha sağlam həyat tərzi sürmək üçün və ətraf mühitə ziyan verməmək üçün velosipeddən daha çox, avtomobildən mümkün qədər az istifadə etməyə çağırmaqdır. Bu rayonun bir hissəsi artıq istifadəyə verilmişdir.Lakin hələki tikinti işləri gedir və rayonun tam istifadəsi 2028-ci ilə nəzərdə tutulmuşdur.

DSC03589

IMG_0061

IMG_0069

IMG_0081

Krems şəhərinə səfərimiz isə öz maraqli təcrübə programı ilə bizi daha da heyrətləndirdi. Bu şəhərdə yerləşən Krems Danube Universtitetində səhər saatlarından başlayan mühazirələr çox maraqli sonluqla bitdi. Belə ki, bu universitetin nəzdində yerləşən “İşıq laboratoriyası”nda kiçik ev modellərinə süni günəş şüalarının təsirini öyrənən təcrübələr apardıq. Hər bir qrup öz düzəltdiyi pəncərə modelini hazır ev modelində yerləşdirərək, süni günəş şüasının ilin hansı fəslində, hansı saatlarda evi-modeli nə qədər işıqlandırmasını müşahidədən keçirə bildi. Fikrimcə, çox maraqlı və gərəkli təcrübə idi.

IMG_0453

Sərbəst vaxtımı dəyərləndirmək üçün bir gün qaldığımız yataqxanın yaxınlığında məşhur memar Zaha Hadidin layihələndirmiş olduğu İqtisadiyyat Universitetinin Kitabxana və Tədris Mərkəzinə baş çəkməyə getdim. Bina öz heyrətamiz görüntüsü ilə uzaqdan məni cəlb etdi. Yaxınlaşdıqca bina öz əzəməti, ağ-qara rəng ahəngi, nəhəng çıxıntısı, əzəmətli görüntüsü ilə məni valeh edirdi. Sözün əsl mənasında böyük təəccüb hissi keçirdim. Dahi memarın bu dərəcədə mükəmməl layihə yaratmasına məəttəl qaldım. Maraqlı məqam budur ki binanın çıxıntısı o qədər böyükdür ki, onu adi fotoaparatla bütövlükdə kadra almaq çox çətin idi.

IMG_0241

IMG_0266

Kursun sonuna yaxın, çox qısa müddət ərzində qruplar şəklində eskiz layihələr yaratmaqla öyrəndiklərimizi tətbiq etmiş olduq. Çox stresli iş qrafikinə baxmayaraq, bu işdən böyük zövq aldıq. Mənim daxil olduğum komanda 6 nəfərdən ibarət idi: misirli, qazaxıstanlı, türkiyəli, ekvadorlu, polşalı və mən – azərbaycanlı. Memar və mühəndislərdən ibarət bu cür rəngarəng komandada çalışmaq olduqca maraqlı idi. Sonda komandamız hazırladığı eskiz lahiyəsini geniş bir zalda, peşəkar auditoriya qarşısında təqdim etdi və mən də bir azərbaycanlı olaraq 32 ölkənin nümayəndələri, peşəkarlar, professorlar qarşısında gördüyümüz işi təqdim etməkdən və burada Azərbaycan adının səslənməsindən qürur hissi duydum.

IMG_0352.JPG

IMG_9632.jpg

IMG_0619.JPG

Beləliklə, kurs sona çatdı. Qatıldığım yay məktəbində xoş xatirələr, yeni biliklər, dünyanın müxtəlif yerlərindən yeni dostlar qazandım. Əminəm ki, hər bir iştirakçının xatirində hələ uzun müddət bu kurs, bu ölkə haqqında xoş təəssüratlar qalacaq. Kursda iştirakıma görə sertifikat əldə etdim və vətənə döndüm. Öyrəndiklərimi tez bir zamanda tətbiq edib, vətənimizin göz oxşayan, zəngin memarlığını daha da mükəməlləşdirmək üçün yeni layihələr üzərində işləmək üçün…

Müəllif : Gülşən Siracova

One comment

Добавить комментарий