Aforizmlər və qanadlı sözlər

Oxu, gülümsəmək üçün!

Gülümsə, yaşamaq üçün!

Bir dəfə balaca fransız qardaşları Lui və Ogüst Lümyerin atası onlara hərəkət edən şəkillərlə Edisonun kinetoskopunu hədiyyə etdi. Uşaqlar kinetoskopu çox bəyəndikləri üçün onu təkmilləşdirmək qərarına gəldilər. Bir neçə ildən sonra 28 dekabr 1895-ci ildə Kaputsinlər bulvarında yerləşən Paris kafelərinin birində Lümyer qardaşları tamaşaçılara öz ixtiralarını təqdim etdilər. Heyran qalmış tamaşaçılar dünyada ilk dəfə şəhər həyatını təsvir edən beş qısa filmi seyr etdilər. Həmin filmlərin arasında məşhur “Qatarın La-Syota şəhərinin vağzalına yaxınlaşması” filmi də var idi.

İlk uğurlarından ruhlanmış Lümyer qardaşları yeni incəsənət növünü – sinematoqrafı fəal təbliğ etməyə başladılar. Onlar fərəhlənərək: “Hərəkət edən şəkillər bütün dünyanı əyləndirir. Bu bizim ən böyük uğurumuzdur”, – deyirdilər. Kino qısa bir müddətdə həddən artıq məşhurlaşdı və bütün dünyaya o dövr üçün görünməmiş sürətlə yayıldı. Bir neçə aydan sonra, 1896-cı il mayın 4-də Sankt-Peterburqda “Lümyer qardaşlarının sinematoqrafı” adlı xarici attraksionun qastrolları keçirildi. 1897-ci ilin sonunda isə Lümyer qardaşlarını Bakıya dəvət etdilər və 1898-ci il yanvarın 8-də Bakıda ilk filmin nümayişi baş tutdu. Həmin il martın 31-də Bakı elmi fotoqrafiya dərnəyi Mixay­lovskiy bağında kütləvi gəzinti təşkil etmişdi və bu hadisə kameraya çəkilmişdi. İyunun 21-də Bakıda çəkilmiş kinoxronika nümayiş etdirilmişdi, o cümlədən “Qatarın vağzala gəlişi”, “Paroxodun yola düşməsi” və “Bazar küçəsi sübh çağında”. Avqustun 2-də isə məşhur fotoqraf və kinematoqrafçı Bakı sakini Aleksandr Mixayloviç Mişonun çəkildiyi bir neçə filmin, o cümlədən “Qafqaz rəqsi”, “Şəhər bağında xalq gəzintisi”, “Bibiheybətdə neft fontanı”, “Balaxanıda neft fontanı” filmlərinin nümayişi keçirildi.

1900-cü ildə “Bibiheybətdə neft fontanı”, “Balaxanıda neft fontanı” filmləri böyük uğurla Parisdə keçirilən Ümumdünya kinoşousunda nümayiş etdirildi. Azərbaycan kinofondunun təşəbbüsü ilə bu filmlər 2001-ci ildə Parisdən Azərbaycana qaytarıldı. Bundan bir il öncə isə Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı fərmanlə avqustun 2-si Azərbaycanda Milli Kino Günü elan edilmişdi.

1923-cü il aprelin 28-də Bakıda Dövlət Kinofabrikinin təntənəli açılışı keçirildi. Bu möhtəşəm dövr Azərbaycanda kinematoqrafın yaranması və inkişaf etdirilməsi dövrü idi – “Abbasın taleyi” ilk Azərbaycan multiplikasiya filmi, “Mavi dəniz sahilində” ilk Azərbaycan səsli filmi çəkilmiş, “Çapayev” filminin ilk dəfə Azərbaycan dilinə tərcüməsi həyata keçirilmişdi. 1925-ci ildə milli aktyor və rejissor kadrlarının hazırlanması üçün studiya təşkil olunmuşdu. Bu studiyada C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları təhsil alırlar.

IMG_9634_1.jpg

Ötən onilliklər ərzində Azərbaycan kinematoqrafı ölkəmizə və dünyaya həyatımızın ayırılmaz hissəsinə çevrilən gözəl filmləri yaradan böyük miqdarda qabiliyyətli, görkəmli və parlaq rejissor, aktyor, ssenari müəllifləri, bəstəkar, rəssam və operatorları bəxş etmişdi. Kino bizə nəinki gündəlik problemlərimizdən uzaqlaşmaq və müsbət enerjini əldə etmək üçün imkan verir, həmçinin biz kino sayəsində dünyanın, ölkəmizin tarixini və mədəniyyətini öyrənirik, əbədi suallara cavab axtarmağa məcbur oluruq. Kino dünyası hüdudsuzdur, çünki filmlərə hamı baxır! Keçmişdən bugünümüzə kimi biz televizor ekranının qarşısında əyləşirik, yaxud da kinoteatra gedirik ki, bu ecazkar sehrin qarşısında bir-iki saat müddətində donub-qalaq. Biz nəinki gözəl Azərbaycan filmlərinin qəhrəmanlarını bəyənirik, hətta onların dedikləri sözləri sitat və kəlamlara, atalar sözü və məsəllərə çevirmişik. İndi həmin sitatlar qəzetlərin başlıqlarında, mahnıların söz­lərində, reklam çarxlarında rastımıza çıxır. Onlar bizim mədəni kodumuzun ayrılmaz hissəsinə çevrilmiş və biz sevimli filmlərdən olan cümlələri həyatımızın müxtəlif məqamlarında təkrarladıqda ətrafdakılar bizi dərhal anlayırlar. Bu, hədsiz xalq sevgisinin bariz nümunəsidir. Məhz bunun üçün də Azərbaycan kinematoqrafçıları işləyir və işləməyə davam edirlər.

Kitab hamınızı Azərbaycan kinosunun sehrli, heyranedici dünyasına qərq olmağa dəvət edir və dilimizə milli kinematoqrafın “qızıl fond”una daxil olan məşhur komediyalar sayəsində düşən tanınmış ifadələri yadımıza salmağa təklif edir. Mən sizi Azərbaycan filmlərinə təkrar baxmağa çağırıram, çünki onlar ruhumuzu yüksəldir və gözümüzə işıq verən müsbət enerjini bəxş edir.

Azərbaycan kinosunun keçmiş zamanı yoxdur. Yalnız şanlı tarixi var, gələcəyi isə bizdən asılıdır, cünki məhz cəmiyyət yeni kino üçün yeni ideyalar yaradan qidalandırıcı mühitdir!

Bəhram Bağırzadə

Книги->Книга «Азербайджанфильм: афоризмы и крылатые выражения»